Ayılar yenidən insanlara hücum etdi: İki ölü
Rusiyanın İrkutsk vilayətində ayıların hücumu nəticəsində iki nəfər ölüb.
Redaktor.az xəbər verir ki, hadisələr oktyabrın 2-si və 4-də baş verib.
İlk hadisə Ust-İlim rayonunda, İlim çayının mənsəbi yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb. Ayı 71 yaşlı kişiyə hücum edib və o, hadisə yerində ölüb. Daha sonra heyvan zərərsizləşdirilib.
Digər hadisə oktyabrın 4-də Kazachinsko-Lensk rayonunda, Magistralnı qəsəbəsindən təxminən 300 kilometr məsafədə yerləşən müəssisənin ərazisində baş verib. Ayı yaşayış üçün nəzərdə tutulan vaqona daxil olaraq 55 yaşlı işçiyə hücum edib. Kişi aldığı xəsarətlərdən ölüb.
Hər iki faktla bağlı İstintaq Komitəsi tərəfindən araşdırma aparılır. Ayıların yaşayış məntəqələrinə yaxınlaşması ilə əlaqədar vilayətdə yüksək hazırlıq rejimi tətbiq edilib. Sakinlərə meşələrə getməmək, ov və balıqçılıqdan çəkinmək tövsiyə olunub.
Aytəkin TOFİQQIZI













