Rubio Kiyevdə ABŞ səfirliyinin fəaliyyətinin dayandırıla biləcəyini açıqladı
ABŞ dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ehtimalını istisna etməyib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Rubio bu barədə “Axios”a açıqlamasında danışıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynanın paytaxtında amerikalı diplomatların qalmasının təhlükəsiz olub-olmadığını qiymətləndirəcək.
Dövlət katibi bildirib ki, Rusiya tərəfi aylardır Qərb diplomatlarını Kiyevdən çıxmağa çağırır və şəhərin zərbələrə məruz qalmasının gözlənilməz olmadığını qeyd edib.
Rubio əlavə edib ki, ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərin təhlükəsizlik vəziyyətini gündəlik əsasda qiymətləndirir. Onun sözlərinə görə, hər hansı təhlükə yaranarsa, diplomatik missiyanın statusunun dəyişdirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Hazırda isə Kiyevdəki səfirliyin fəaliyyətinin dayandırılması ilə bağlı belə bir qərar verilməyib.
ABŞ rəsmisinin sözlərinə görə, diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı vəziyyət davamlı şəkildə nəzərdən keçirilir.
NURİYYƏ













