Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə VERİLDİ
“Fox News” telekanalı şərhçi heyətinə Ağ Evin sabiq mətbuat katibi Kerolayn Levitti cəlb edir. Onun noyabrın 1-dən yeni vəzifəsinin icrasına başlayacağı bildirilib.
Redaktor.az RBC-yə istinadən xəbər verir ki, bu barədə “FOX News Media”nın baş direktoru Süzan Skott açıqlama verib.
Skott Levittin siyasi proseslərə dərindən bələd olduğunu vurğulayıb. O bildirib ki, keçmiş mətbuat katibinin təhlilləri şirkətin müxtəlif platformalarında auditoriyaya təqdim olunacaq.
Levitt də yeni əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Ağ Evdə topladığı təcrübəni və siyasi gündəmə dair baxışlarını telekanalın milyonlarla izləyicisi ilə bölüşmək niyyətində olduğunu deyib.
29 yaşlı Levitt 2025-ci ilin yanvarından 2026-cı ilin avqustunadək Donald Tramp administrasiyasında mətbuat katibi vəzifəsini icra edib. O, ABŞ tarixində bu vəzifəyə təyin olunan ən gənc şəxs olub.
Levitt Trampın seçki kampaniyasında çalışmazdan əvvəl “MAGA Inc.”in mətbuat katibi kimi fəaliyyət göstərib.













