İran Prezidenti müdafiə naziri vəzifəsinə namizəd GÖSTƏRDİ
İran Prezidenti Məsud Pezeşkian Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri vəzifəsinə Mehrdad Əhləqinin namizədliyini irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Isna” agentliyi məlumat yayıb.
Namizədin adı parlamentə spiker Məhəmməd Baqer Qalibafa ünvanlanan məktubla təqdim edilib. Prezidentin parlament məsələləri üzrə müşaviri Sasan Vəlizadə namizədin proqramının aidiyyəti komissiyada nəzərdən keçirilməsindən sonra etimad səsverməsinin ən qısa müddətdə keçiriləcəyinə ümid etdiyini bildirib.
Mehrdad Əhləqi İran Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən biridir. O, daha əvvəl İranın Aerokosmik Sənaye Təşkilatının və Müdafiə Sənayesi Təşkilatının baş direktoru vəzifələrində çalışıb.
Əhləqi 10 sentyabr 1958-ci ildə anadan olub. O, İranın raket texnologiyalarının inkişafında iştirakına görə 2007-ci ildən BMT-nin sanksiyaları altında olub. Həmin vaxt Əhləqi “Şəhid Baqeri” sənaye qrupuna rəhbərlik edib.
2023-cü ilin oktyabrında müvafiq məhdudiyyətlərin müddəti başa çatdıqdan sonra onun adı BMT-nin sanksiya siyahısından çıxarılıb. Lakin 2025-ci ilin sentyabrında yenidən siyahıya daxil edilib.
Bundan əlavə, Əhləqiyə qarşı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada, İsveçrə və Yaponiyanın da sanksiyaları qüvvədədir.
Xədicə BAXIŞLI













