Ağ Ev "Politico" jurnalistlərini Trampın təyyarəsinə buraxmayıb
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Nebraska ştatına səfəri zamanı “Politico” nəşrinin jurnalistlərinin prezident təyyarəsi “Air Force One”a buraxılmasına icazə verməyib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. “Politico”nun nümayəndəsi də nəşrin prezidentin səfərini işıqlandıran mətbuat qrupundan kənarlaşdırıldığını təsdiqləyib.
Bununla əlaqədar “Politico” prezidentin səfərləri zamanı mətbuat qrupunun üzvü kimi üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib. Nəşr Nebraska səfəri zamanı növbəli qaydada fəaliyyət göstərən səfər mətbuat qrupunda çap mediasını təmsil etməli idi.
Qeyd edək ki, sentyabrın 18-də Tramp “Politico”, CNN və “MS NOW” nəşrlərinin Ağ Evə girişini qadağan etdiyini açıqlamışdı. Daha sonra media qurumları bununla bağlı məhkəməyə müraciət edib. Federal hakim Timoti Kelli jurnalistlərin Ağ Evə giriş imkanlarının bərpa olunmasını tələb edən müvəqqəti qərar çıxarıb.
Bununla belə, məhkəmənin qərarı jurnalistlərin “Air Force One”da və digər məhdud sayda media nümayəndəsinin iştirak etdiyi tədbirlərdə yer alması məsələsini birbaşa tənzimləməyib. Ağ Ev də bu məqamı əsas gətirərək mətbuat qrupuna tətbiq olunan məhdudiyyətlərin qüvvədə qaldığını bildirir.
Xədicə BAXIŞLI













