İsrail 150 vətəndaşının olduğu “Flydubai” təyyarəsini vurmağa hazırlaşırmış - DETALLAR
İsrail Hərbi Hava Qüvvələri göyərtəsində 150 İsrail vətəndaşının olmasına baxmayaraq, ikinci pilotun kapitana hücumundan sonra “Flydubai” təyyarəsini vurmağa hazır olub.
Redaktor.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki İsrail mənbəsi “CBS News”a bildirib.
Mənbələrin sözlərinə görə, İsrailin 11 sentyabr analoqlu terror hücumlarına qarşı aydın işlənib hazırlanmış xüsusi proseduru var. Təyyarənin fövqəladə vəziyyət siqnalından sonra İsrail Hərbi Hava Qüvvələri heyətlə əlaqə saxlamağa çalışıb. Bu cəhd uğursuz olduqda dərhal əvvəlcədən yaradılmış komitə çağırılıb.
İsrail dərhal hava məkanını bağlayaraq qırıcı təyyarələri havaya qaldırıb. Təyyarənin marşrutundan dəyərək Səudiyyə Ərəbistanına doğru istiqamət aldığı məlum olduqda İsrail qırıcıları geri çağırılıb, Səudiyyə Ərəbistanı hakimiyyəti isə öz növbəsində hərbi təyyarələrini havaya qaldırıb.
Bildirilir ki, təyyarə istiqamətini dəyişməsəydi, qırıcı pilotlar kabindəki vəziyyəti vizual qiymətləndirmək və məlumatı komanda mərkəzinə ötürmək üçün hava gəmisinə maksimum yaxınlaşmalı idilər. Təyyarənin qaçırıldığı və tələblərin irəli sürülmədiyi müəyyən edildiyi təqdirdə müdafiə naziri və baş nazirlə təcili əlaqə saxlanılmalı idi.
Müəyyən edilmiş qaydalara əsasən, sərnişin təyyarəsinin vurulması qərarı şəxsən Baş nazir tərəfindən verilir. Mənbələr vurğulayır ki, təyyarənin yaşayış məntəqələrinə, hündürmərtəbəli binalara və ya strateji obyektlərə çırpılaraq daha böyük facəyə səbəb olmasının qarşısını almaq üçün bu addım "iki şərdən kiçiyi" kimi dəyərləndirilir.
Aminə ŞAHSUVARQIZI













