Makron Fransadakı şagird etirazları ilə bağlı təcili müşavirə keçirəcək
Fransa Prezidenti Emmanuel Makron ölkədə yuxarı sinif şagirdlərinin etirazları ilə bağlı təcili müşavirə keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə BFMTV Fransa liderinin administrasiyasına istinadən məlumat yayıb. Müşavirənin oktyabrın 6-da Yelisey sarayında keçirilməsi planlaşdırılır.
Görüşdə Baş nazir Sebastyan Lekornu və milli təhsil naziri Eduar Jefray da daxil olmaqla bir sıra hökumət üzvlərinin iştirakı gözlənilir.
Fransada yuxarı sinif şagirdlərinin təhsil şəraitindən narazılıqla bağlı etirazları davam edir. Etirazçılar məktəblərdə müəllim çatışmazlığı, uzun dərs saatları və təhsil müəssisələrinin yararsız vəziyyətdə olması ilə bağlı problemlərin həllini tələb edirlər.
Oktyabrın 6-da ölkə üzrə keçirilən aksiyalara təşkilatçıların məlumatına görə, 450 minədək insan qatılıb. Hökumətin məlumatına əsasən, etirazlar başlayandan indiyədək 215 şagird və 715 polis əməkdaşı xəsarət alıb.
Xədicə BAXIŞLI













