Yüzlərlə ayının məhv edilməsinə icazə verildi - Bu ölkədə
Rumıniya insanlara və təsərrüfatlara qarşı ayı hücumlarının artmasından sonra 2026 və 2027-ci illərdə 969 qəhvəyi ayının məhv edilməsinə icazə verib.
Redaktor.az xəbər verir ki, “Romania Insider”in məlumatına görə, yeni qanun çərçivəsində 859 ayının profilaktik tədbirlər çərçivəsində məhv edilməsi nəzərdə tutulur. Bundan əlavə, insanlar üçün təhlükə yaratdığı təsdiqlənən daha 110 ayının “müdaxilə” tədbirləri çərçivəsində məhv edilməsinə icazə verilir.
Əvvəllər bu məqsədlə müəyyən edilən illik kvota təxminən 500 ayı təşkil edirdi. Yeni qərar ekoloqların və bəzi digər tərəflərin etirazlarına baxmayaraq qəbul edilib.
Rumıniya Ətraf Mühit Nazirliyinin məlumatına görə, ölkədə qəhvəyi ayıların sayı 10 400-12 700 arasında qiymətləndirilir. Bildirilir ki, ayılar qida axtarışı səbəbindən meşələrdən yaşayış məntəqələrinə daxil olur, zibil qutularına yaxınlaşır və mal-qaraya hücum edirlər.
Son hadisələrdən birində Braşov yaxınlığındakı Transilvaniya bölgəsində ayının qarğıdalı tarlasında işləyən 55 yaşlı fermerə hücum edərək onu öldürdüyü bildirilir. Onun həyat yoldaşı isə hadisədən sağ çıxıb.
Heyvan hüquqları fəalları yeni kvotaların elmi əsaslarının və qanuniliyinin araşdırılması üçün Avropa Komissiyasına müraciət ediblər. Rumıniya hakimiyyəti isə ayıların məhv edilməsinin gecikdirilməsinin ictimai təhlükəsizlik üçün risk yarada biləcəyini bildirir.
Aytəkin TOFİQQIZI













