“Ukraynanın Aİ-yə üzvlüyündən ilk zərər görən Fransa olacaq” - Marin Le Pen
Fransanın “Milli Birlik” partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması halında ilk zərər görəcək ölkənin Fransa olacağını bildirib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Le Pen bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması Fransanın kənd təsərrüfatı sektoruna ciddi zərər vura bilər.
“Biz yalnız güclü və ədalətsiz rəqabətlə üzləşməyəcəyik, eyni zamanda Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində Fransa kənd təsərrüfatına ayrılan büdcə payı da əhəmiyyətli dərəcədə azalacaq”, – Le Pen qeyd edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlarda ən çətin məsələlərin kənd təsərrüfatı və yükdaşımalar olacağını bildirmişdi.
Sikorskinin sözlərinə görə, Ukraynada torpaq idarəçiliyi Aİ ölkələrindəkindən fərqlənir və kənd təsərrüfatı sektorunun strukturu da eyni deyil. O, Ukraynada on minlərlə hektar əraziyə sahib böyük aqroholdinqlərin fəaliyyət göstərdiyini vurğulamışdı.
Polşa xarici işlər naziri bu məsələlərin Varşavanın Ukraynanın Avropaya inteqrasiyasını bloklamasına səbəb olmayacağını, lakin danışıqlar aparılacağını bildirmişdi. Onun sözlərinə görə, Kiyev bununla bağlı “ağrılı qərarlar” qəbul etməli olacaq.
NURİYYƏ













