ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar üçün yeni variantlar hazırlayıb

 15:14 08.10.2026     84

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən əvvəl də daxil olmaqla, qarşıdakı həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantlarını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, NBC telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, ötən həftə Kemp Deviddə keçirilən görüşdə administrasiya rəsmiləri ABŞ-nin İran və Yəmən husilərinə qarşı strategiyasını nəzərdən keçiriblər. Görüşdən sonra ABŞ hərbi rəsmiləri Tramp üçün yeni əməliyyat ssenariləri hazırlasalar da, hələlik yekun qərar qəbul edilməyib.

Qeyd olunur ki, genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasının vaxtı qeyri-müəyyən olaraq qalır. NBC əlavə edib ki, bu arada Tramp ABŞ-nin bəzi əsas silah ehtiyatlarının tükənməsi amilini nəzərə almaq məcburiyyətində qalır ki, bu da onun narazılığına səbəb olub.

Daha əvvəl "The Atlantic" nəşri də iki Amerika mənbəsinə istinadən Ağ Evin Pentaqona ABŞ-də keçiriləcək ara seçkilərdən əvvəl İrana zərbələr endirmək üçün variantların hazırlanmasını tapşırdığını bildirmişdi.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb və İran da buna cavab zərbələri endirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalasa da, sonradan tərəflər yenidən zərbələr mübadiləsi aparıblar. Münaqişə hələ də həll olunmamış qalır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən