ABŞ nümayəndələri Ukrayna rəsmiləri ilə görüşəcək
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner cümə günü Ukrayna rəsmiləri ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “NewsNation” telekanalının jurnalisti Kelli Meyer yüksək rütbəli mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşün əsas mövzusunun münaqişənin bütün aspektlərini əhatə edən və onun başa çatdırılmasına yönəlmiş yeni kompleks təklifin müzakirəsi olacağı bildirilib.
Məlumata görə, danışıqlara Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulacaq. Görüşdə həmçinin Avropa İttifaqı və NATO nümayəndələri iştirak edəcək.
“Axios”un məlumatına görə, görüş Mayamidə keçiriləcək.
Ukrayna nümayəndə heyətinin rəhbəri Kirill Budanovun sözlərinə görə, nümayəndələr artıq ABŞ-a yola düşüblər. Kiyevi görüşdə Budanovla yanaşı Sergey Kisliça, Rustem Umerov və David Araxamiya təmsil edəcək.
Xədicə BAXIŞLI













