"Ətraf mühit siyasi rəqabətə qurban verilməməlidir" - Pezeşkiandan Xəzər XƏBƏRDARLIĞI

 16:45 09.10.2026     74

İran İslam Respublikasının Prezident Administrasiyasının yaydığı rəsmi bəyanata əsasən, Prezident Məsud Pezeşkian Türkmənistanda keçirilən Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə həsr olunmuş yüksəksəviyyəli toplantıda genişməzmunlu nitq söyləyib.

Redaktor.az xəbər verir ki, M.Pezeşkian müasir dünyanın çoxsaylı böhranlar, geosiyasi rəqabət və hərbi münaqişələrlə yanaşı, birtərəfli sanksiyalar və çoxtərəfli diplomatiya mexanizmlərinin zəifləməsi kimi ciddi problemlərlə üz-üzə qaldığını diqqətə çatdırıb.

İran Prezidenti vurğulayıb: “Ətraf mühitin mühafizəsi siyasi fikir ayrılıqlarına, iqtisadi rəqabətə və ya regiondan kənar qüvvələrin müdaxiləsinə qurban verilməməlidir. Xəzəryanı dövlətlər elmi, texniki, maliyyə və insan resurslarını səfərbər edərək, regional əməkdaşlıq və milli suverenliyə qarşılıqlı hörmət çərçivəsində Xəzər dənizinin gələcək taleyini müstəqil şəkildə müəyyən etməlidirlər”.

Dövlət başçısı İranın Gilan əyalətində yerləşən Bəndər Ənzəli liman şəhərinə və Xəzər dənizində İrana məxsus mülki yük gəmisinə qarşı həyata keçirilmiş hərbi hücumları xatırladaraq, bu tür təxribatların regional sabitliyə təhdid yaratdığını qeyd edib.

M.Pezeşkianın sözlərinə görə, Xəzər sahilindəki dəniz limanlarına, mülki gəmilərə, yanacaq-enerji terminalarına, sənaye obyektlərinə və dəniz infrastrukturuna endirilən zərbələr regional sülh və təhlükəsizliyə ağır xələl gətirməklə yanaşı, bütün Xəzəryanı ölkələr üçün sərhədaşırı ekoloji fəlakətlərə yol aça bilər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən