Qazaxıstan Rusiyanın tələb etdiyi ukraynalı qadını Avropaya GÖNDƏRDİ
Rusiyanın sorğusu əsasında “uşaq oğurluğu”nda şübhəli bilinərək Qazaxıstanda saxlanılan ukraynalı Lyubov Rojanskaya sonda ölkəni tərk edərək Avropa İttifaqı ölkələrindən birinə gedə bilib.
Redaktor.az xəbər verir ki, bu barədə qadının vəkili Aleksey Pryanişnikov DW-yə məlumat verib.
Oktyabrın 1-də Astanada saxlanılmasından üç gün keçdikdən sonra Qazaxıstan məhkəməsi Rojanskaya barəsində qətimkan tədbiri seçməli idi. Amma bu baş verməyib, qadının istintaq təcridxanasından çıxmasına imkan yaranıb. Bundan sonra o, Qazaxıstanı tərk edib.
Hazırda Rojanskaya Avropa İttifaqına üzv ölkələrdən birindədir.
Ukraynanın Qazaxıstandakı səfirliyi bundan əvvəl Lyubov Rojanskayanın Rusiyaya ekstradisiya edilməsi ilə bağlı sorğunun təmin olunmaması xahişi ilə Astanaya müraciət etmişdi.
Məlumata görə, Ukrayna vətəndaşı oktyabrın 1-də Rusiya tərəfinin sorğusu əsasında saxlanılıb. O, Rusiyadan gətirilməsi planlaşdırılan nəvəsini götürmək üçün Qazaxıstana gəlmişdi.
2021-ci ildə uşağın anası Alla Andreyeva onu Rusiyanın Kalininqrad vilayətinə aparıb. Orada Andreyevanın Rusiya vətəndaşı olan ikinci ərinin ailəsi yaşayır. 2022-ci ilin martında Andreyeva özü və uşağı üçün Ukrayna vətəndaşlığından imtina ərizəsi verib. Daha sonra Rusiya vətəndaşlığı alıblar. Bununla yanaşı, Odessada yaşayan uşağın atasının iddiası əsasında onun yaşayış yerinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə işi aparılıb. 2025-ci ilin martında Ukrayna Ali Məhkəməsi uşağın yaşayış yeri kimi atasının yaşadığı ünvanı müəyyən edib.
2026-cı ilin yayında uşağın anasının yeni ərinin ailəsi Lyubov Rojanskaya ilə əlaqə saxlayaraq uşağı Ukraynada yaşayan atasına və nənəsinə təhvil verməyi təklif edib. Amma həmin vaxt Rusiyada məhkəmə Rojanskayanın “uşaq oğurluğu işi” üzrə həbs edilməsi barədə qərar çıxarmış və ekstradisiyası üçün sənədlərin hazırlanmasını tapşırmışdı. Rojanskayanın özünün cinayət işi barədə məlumatı olmayıb.













