Rusiya, İran və Azərbaycanın birgə layihələri üzrə razılıq əldə olunub - Əraqçi
Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Rusiya, İran və Azərbaycanın bir sıra birgə layihələri üzrə razılıq əldə olunub.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
İran dövlət televiziyasına müsahibəsində üç ölkə liderinin görüşünə toxunan nazir bildirib ki, görüş Rusiyanın təşəbbüsü ilə təşkil edilib.
Onun sözlərinə görə, görüş zamanı Rusiya, İran və Azərbaycanın bəzi birgə layihələri müzakirə olunub və onların həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Əraqçi qeyd edib ki, üç ölkə arasında iqtisadi əməkdaşlığı əhatə edən bir sıra layihələr mövcuddur.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammiti və Xəzər ətraf mühit sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər.













