Tramp Ağ Evin yeni mətbuat katibini təyin ETDİ

 02:43 10.10.2026     131

ABŞ Prezidenti Donald Tramp Keti Zaxariyanı Ağ Evin yeni mətbuat katibi təyin edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 9-da “Truth Social” sosial şəbəkəsindəki hesabında açıqlama verib.

O, Zaxariyanın hazırda “Trump Media & Technology Group” şirkətində baş kommunikasiya müşaviri vəzifəsində çalışdığını bildirib.

“Keti Zaxariyanı mətbuat katibi vəzifəsinə təyin etmək mənim üçün böyük şərəfdir. O, hazırda “Truth Social” platformasını idarə edən “Trump Media & Technology Group” şirkətində baş kommunikasiya müşaviri vəzifəsində çalışır və burada əla iş görüb”, – Tramp qeyd edib.

ABŞ Prezidenti yeni mətbuat katibinin onun seçki kampaniyalarında, xüsusilə də nəticələrin həlledici əhəmiyyət daşıdığı ştatlarda iştirak etdiyini vurğulayıb.

Tramp Zaxariyanın media nümayəndələri, Amerika xalqı və administrasiya ilə uğurlu əməkdaşlıq quracağına əminliyini ifadə edib.

Keti Zaxariya kimdir?

Keti Zaxariya hüquqşünas və mühafizəkar siyasi şərhçidir. O, hazırda Trampın media şirkəti “Trump Media & Technology Group”da baş kommunikasiya müşaviri kimi fəaliyyət göstərir. Şirkət ABŞ Prezidentinin də istifadə etdiyi “Truth Social” sosial şəbəkəsini idarə edir.

Zaxariya daha əvvəl ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə mətbuat katibi və nazir köməkçisinin müavini vəzifələrində çalışıb. O, bu vəzifələrdə 2026-cı ilin fevral-mart aylarında, Kristi Noemin nazir olduğu dövrdə fəaliyyət göstərib.

Bundan başqa, Zaxariya “Fox News” və “Newsmax” telekanallarında siyasi şərhçi kimi çıxış edib. O, Kaliforniyada fəaliyyət göstərən mühafizəkar “Fix California” təşkilatında da hüquq sahəsi üzrə çalışıb.

Zaxariya Pepperdayn Universitetində siyasi elmlər və dövlət idarəçiliyi üzrə təhsil alıb, daha sonra həmin universitetin hüquq fakültəsini bitirərək hüquq dərəcəsi əldə edib.

O, Donald Trampın siyasi kampaniyalarında da iştirak edib və Respublikaçılar Partiyasının mühafizəkar qanadını dəstəkləyən şəxslərdən biri kimi tanınır.

Əvvəlki mətbuat katibi hansı vəzifəyə təyin olunub?

Keti Zaxariya bu vəzifədə Karolin Liviti əvəz edəcək. Livit 2025-ci ilin yanvarından Ağ Evin mətbuat katibi kimi çalışırdı və Donald Trampın ikinci prezidentlik müddətində bu vəzifəni tutan ilk şəxs idi.

Livit 2026-cı il avqustun 27-də vəzifəsindən ayrılıb. O, bundan əvvəl, avqustun 12-də qərarını açıqlayaraq kiçik yaşlı uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirmişdi.

Livitin Ağ Evi tərk etməsindən sonra onun “Fox News” telekanalına efir iştirakçısı kimi qoşulacağı açıqlanıb. Telekanalın məlumatına görə, o, yeni vəzifəsində fəaliyyətə noyabrın 1-dən başlayacaq.

Beləliklə, Ağ Evin mətbuat katibi vəzifəsində dəyişiklik baş verir: Donald Trampın media şirkətində çalışan Keti Zaxariya administrasiyanın mövqeyini ictimaiyyətə çatdıracaq, Karolin Livit isə fəaliyyətini televiziya sahəsində davam etdirəcək.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən