Milana uçan təyyarənin ön şüşəsi havada çatladı - Təyyarə təcili eniş etdi
ABŞ-dən İtaliyaya uçan “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ön şüşəsi uçuş zamanı çatlayıb. Hadisədən sonra təyyarə marşrutunu dəyişərək təcili eniş edib.
Redaktor.az xəbər verir ki, bu barədə "PYOK" portalı məlumat yayıb.
Hadisə oktyabrın 9-da ABŞ-nin Nyuark şəhərindən İtaliyaya həyata keçirilən uçuş zamanı baş verib. Şimali Atlantik okeanı üzərində 11,3 kilometr yüksəklikdə uçan təyyarə qəfil hündürlüyünü azaldaraq İrlandiyanın paytaxtı Dublin istiqamətinə yönəlib.
Sərnişinlərə təyyarənin Dublində eniş edəcəyi bildirilib. Lakin marşrutun dəyişdirilməsinin səbəbini onlar yalnız yerə endikdən sonra öyrəniblər. Məlum olub ki, təyyarənin ikinci pilotun tərəfində yerləşən ön şüşəsi zədələnib.
Hazırda təyyarə hava limanında qalır. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, may ayında “Southwest Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin pəncərəsi də uçuş zamanı qırılıb. Hadisə ABŞ-nin Albukerke şəhərindən Baltimora həyata keçirilən reysdə baş verib.
Xədicə BAXŞILI













