Kiyevdə kranlardan mavi və qəhvəyi rəngli su axır - VİDEO
Ukraynanın paytaxtı Kiyevin bir neçə rayonunda sakinlər kranlardan qeyri-adi rəngli suyun axmasından şikayətlənirlər. Bəzi görüntülərdə suyun mavi və qəhvəyi rəngdə olduğu, eləcə də köpükləndiyi görünür.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi “Telegram” kanalında məlumat yayıb.
Agentliyin paylaşdığı videolarda Obolon, Holosiiv və Darnitsa rayonlarında kranlardan fərqli rənglərdə mayenin axdığı əks olunub.
Qeyd edək ki, oktyabrın 10-da Kiyevin meri Vitali Kliçko şəhərdə su təchizatında fasilələrin yarandığını bildirib. Onun sözlərinə görə, Kiyev vilayətində enerji obyektinin zədələnməsi paytaxtın enerji təminatında vəziyyəti ağırlaşdırıb.
Bundan əvvəl “Strana.ua” yerli sosial media səhifələrinə istinadən Kiyevin təxminən 70 faizinin susuz qaldığını yazıb. Nəşr buna səbəb kimi Rusiya Silahlı Qüvvələrinin zərbəsi nəticəsində mühüm elektrik xəttinin zədələnməsini göstərib.
Xədicə BAXŞILI













