“Avropa İttifaqı Rusiyaya 250 milyard dollar ödəyib” - Tramp
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının enerji resurslarına görə Rusiyaya 250 milyard dollar ödədiyini iddia edib. O, kütləvi informasiya vasitələrini bu barədə məlumatları gizlətməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, Tramp bu fikirləri “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Avropa İttifaqı enerji resurslarına görə Rusiyaya 250 milyard dollar ödəyib, saxta KİV-lər isə bu məsələyə heç yaxınlaşmaq belə istəmirlər”, – deyə ABŞ lideri qeyd edib.
Ağ Evin rəhbəri Rusiya ilə dizel yanacağının tədarükü barədə əldə olunan razılaşmanı da şərh edib. O, bu qərarı Amerika xalqının maraqlarına uyğun hesab etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent daha əvvəl Vladimir Putin və Donald Tramp arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmanın amerikalılar üçün faydalı olduğunu deyib.
Bessent həmçinin bu razılaşmanı tənqid etdiyinə görə Avropanı ikiüzlülükdə ittiham edib. Onun sözlərinə görə, avropalılar enerji resurslarına görə Rusiyaya Ukraynaya verdiklərindən daha çox vəsait ödəyiblər.
Xədicə BAXŞILI













