Balıq tutmaq istəyən kişi yanlışlıqla özünü güllələdi
Rusiyanın İrkutsk vilayətində balıq tutmağa gedən kişi ehtiyatsızlıqdan özünü güllələyib. Hadisə nəticəsində onun qolunun ön hissəsi güllə yarası alıb və o, tibbi yardım üçün müraciət edib.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Çeremxovo şəhərlərarası Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Çeremxovo rayonunun Novostroyka kənd sakini motorlu qayıqla çaya balıq tutmağa gedib. O, özü ilə 16 kalibrli qoşalüləli tüfəng də götürüb.
Kişinin sözlərinə görə, qayıqda bir əli ilə bortdan tutunub, digər əli ilə kəndirin üzərinə qoyduğu silahın yerini dəyişmək istəyib. Bu zaman kəndirin ucu silahın tətiyinə ilişib və təsadüfi atəş açılıb.
Güllə kişinin qoluna dəyib. Yaralanan balıqçı əvvəlcə qolunun ön hissəsini özü sarıyıb, daha sonra ən yaxın yaşayış məntəqəsinə gedərək tibbi yardım alıb.
NURİYYƏ













