NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq
Bolqarıstan Baş naziri Rumen Radev Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və NATO baş katibi Mark Rütte ilə telefon danışıqları zamanı Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılması və baş verən hadisələrin araşdırılması üçün səylərin birləşdirilməsinə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Bolqarıstan Hökumətin mətbuat xidməti məlumat yayıb.
NATO və Avropa Komissiyasının rəhbərləri məsələ ilə əlaqədar Qara dənizdə baş vermiş son hadisənin araşdırılmasına kömək göstəriləcəyi vədini veriblər. Radev Avropa İttifaqı və NATO liderlərinə dənizçilərin xilas edilməsində Bolqarıstanın operativ reaksiyasına, ölkənin ərazi suları yaxınlığında gəmilərə edilən hücumlarla bağlı göstərdiyi həmrəyliyə və insidentlərin aydınlaşdırılmasına kömək etməyə hazır olmasına görə minnətdarlığını bildirib.
Baş nazir Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə təminat verilməsi ilə bağlı birgə təkliflərin hazırlanması məqsədilə Rumıniya və Türkiyə ilə danışıqlara başlayacağını da açıqlayıb.
Ötən gecə Bolqarıstanın şimal sahilləri yaxınlığında ticarət gəmilər dron hücumuna məruz qalıb. Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi suda qalmağı bacarıb. Bütün heyəti sərhəd mühafizəsinin katerləri ilə Varna şəhərinə uğurla təxliyə edilib. Gəmidə digər ölkələrlə yanaşı, 8 Azərbaycan vətəndaşı da olub. Hücum zamanı onların da yaralandığı açıqlanıb.
Qvineya-Bisau bayrağı altında üzən ikinci gəmi - “HS Dignity” batıb. Gəminin beş heyət üzvü xilas edilib. Xilasetmə əməliyyatı davam edir, 11 nəfərin taleyi isə hələ məlum deyil. İtkin düşmüş heyət üzvlərinin axtarışında müşahidənin gücləndirilməsi xahişi ilə hadisə barədə rəsmi bildiriş ərazidə olan bütün gəmilərə göndərilib. İtkin düşənlərin Suriya və Misir vətəndaşları olduğu bildirilir.
Ukrayna ticarət gəmilərinə dron hücumlarına görə Rusiyanı ittiham edib.













