Bu ölkədə vəba halları üç dəfə artıb - ÜST-dən XƏBƏRDARLIQ

 23:15 13.10.2026     117

Yəməndə vəba xəstəliyinə yoluxma şübhəsi olan halların sayı son üç həftədə üç dəfə artıb. Əhalinin kütləvi köçü fonunda yoluxucu xəstəliklərin yayılma riski də yüksəlməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, son üç həftədə vəbaya yoluxma şübhəsi olan şəxslərin sayı 217-dən 647-yə yüksəlib. İlin əvvəlindən ölkədə ümumilikdə 8 034 şübhəli yoluxma halı və 27 ölüm qeydə alınıb. Yoluxma hallarının dörddə biri son dörd həftənin payına düşüb.

ÜST məcburi köçkünlər arasında, xüsusilə vəba və qızılca kimi epidemik xəstəliklərin geniş yayılması barədə də xəbərdarlıq edib. Təşkilatın məlumatına əsasən, məcburi köçkün ailələrinin əksəriyyətinin məskunlaşdığı Əbyan, Ləhic, Dali, Təiz və Ədən vilayətlərinin payına yoluxma hallarının 94 faizi düşür.

Son bir ayda ölkədə vəbaya yoluxma ilə bağlı 1 892 yeni hal və 11 ölüm qeydə alınıb. İlin əvvəlindən isə 7 871 nəfərin bu xəstəliyə yoluxduğu, 27 nəfərin öldüyü bildirilir.

Bundan başqa, ÜST ilin əvvəlindən qızılcaya yoluxma şübhəsi olan 22 mindən çox halın və bu xəstəlikdən 128 ölümün qeydə alındığını açıqlayıb. Məcburi köçkün ailələrinin üz tutduğu Hədrəməvt vilayətində yoluxma hallarının kəskin artdığı bildirilib.

Qeyd edək ki, avqust ayında Myanmada da vəba epidemiyası baş verib və yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən