Ağ Evdə yeni mətbuat katibi ilə bağlı narahatlıq YARANDI
Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqi administrasiya əməkdaşları arasında narahatlıq doğurub. Onun çıxışının ABŞ Prezidenti Donald Trampı qane etmədiyi ehtimal olunur.
Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Zakariyanın ilk brifinqi 14 dəqiqə davam edib. O, cəmi üç suala cavab verdikdən sonra tədbiri başa çatdırıb.
“Bir neçə Ağ Ev rəsmisi Keti Zakariyanın çərşənbə axşamı keçirilən ilk brifinqindən sonra nə qədər müddət mətbuat katibi vəzifəsində qala biləcəyini düşünür. Onlar onun çıxışının Donald Trampı çətin ki, qane etdiyini qeyd edirlər”, – deyə CNN bildirib.
Telekanalın məlumatına görə, administrasiyanın bəzi nümayəndələri Zakariyanın işə başlamasının ikinci günündə ciddi hazırlıq keçmədən brifinqə buraxılmasına təəccübləniblər.
Zakariya avqustda vəzifəsini tərk edən Kerolayn Levitti əvəz edib. Donald Tramp oktyabrın 9-da konservativ şərhçi Keti Zakariyanın Ağ Evin mətbuat katibi təyin olunduğunu açıqlayıb. Bundan əvvəl o, “Trump Media & Technology” şirkətlər qrupuna daxil olan “Truth Social” platformasında kommunikasiyalar üzrə baş müşavir vəzifəsində çalışıb.
Qeyd edək ki, Zakariyanın sələfi Kerolayn Levitt daha əvvəl bu vəzifəyə gələcək şəxsə işlə bağlı vacib bir məsləhətini açıqlayıb. O, Trampın özünün “ən yaxşı mətbuat katibi” olduğunu bildirib.
Xədicə BAXŞILI













