ABŞ və İsrail İrana qarşı yeni genişmiqyaslı əməliyyata hazırlaşır - KİV

 23:57 13.10.2026     106

ABŞ və İsrail silahlı qüvvələri oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkiləri və noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İrana qarşı yeni genişmiqyaslı əməliyyatın seçkilərdən əvvəl başlanması ehtimalını müzakirə ediblər.

Portal qeyd edir ki, bu müzakirə Trampın oktyabrın 8-də ABŞ-nin Konqresə seçkilərədək İrana zərbə endirməyəcəyini açıqlamasından əvvəl baş tutub. Bununla belə, ABŞ və İsrailin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində qalır və Trampın mövqeyini dəyişəcəyi təqdirdə əməliyyatın başlanması üçün hazırlıqları yekunlaşdırır.

Mənbələrin sözlərinə görə, Tramp və Netanyahu İranın hərbi və nüvə obyektlərinə zərbələr endirilməsini nəzərdə tutan birgə əməliyyatın mümkünlüyünü də müzakirə ediblər.

“Axios”un məlumatına əsasən, ABŞ administrasiyasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasını dəstəkləyən əsas şəxslər Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbərliyidir. Trampın əksər müşavirləri isə Tehrana qarşı iqtisadi və digər təzyiq vasitələrinin davam etdirilməsinin tərəfdarıdır.

Oktyabrın 13-də Tramp jurnalistlərə açıqlamasında ABŞ-nin İrana münasibətdə bundan sonra hansı addımları atacağı barədə yaxın vaxtlarda qərar verəcəyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmaların pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Hörmüz boğazı dünya üzrə neft ticarətinin təxminən 25 faizinin və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizinin daşındığı strateji marşrutdur. Sonrakı mərhələdə ABŞ administrasiyası genişmiqyaslı hərbi güc tətbiqindən faktiki olaraq geri çəkilərək sanksiyalar vasitəsilə İrana iqtisadi təzyiq göstərməyə yönəlib.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən