Kral Çarlzın kraliça Kamillanı qıcıqlandıran VƏRDİŞİ

 13:03 14.10.2026     79

Böyük Britaniya kralı III Çarlzın nahardan əvvəl kitab oxuyarkən yüksək səslə gülməsi həyat yoldaşı, Kraliça Kamillanı bəzən narahat edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Hello!” nəşri məlumat yayıb.

Kamilla bildirib ki, onlar həyat yoldaşı ilə nahardan əvvəl sakit oturaraq kitab oxumağı sevirlər. Onun sözlərinə görə, III Çarlz tərcümeyi-hallara və britaniyalı yazıçı P. G. Vudhausun əsərlərinə üstünlük verir.

Kraliça qeyd edib ki, kral kitab oxuyarkən bəzən qəfil qəhqəhə çəkir. Bu isə onun diqqətini yayındırır və yenidən oxuduğu kitaba köklənməsini çətinləşdirir. Bununla belə, Kamilla birlikdə keçirdikləri bu sakit vaxtı xoş anlar kimi qiymətləndirib.

Kraliça oxumağa marağının uşaqlıqdan yarandığını da bildirib. O, gəncliyində Devid Herbert Lourensin “Ledi Çatterlinin sevgilisi” romanını yastığının altında gizlədərək məşəl işığında oxuduğunu söyləyib. Kamillanın sözlərinə görə, kitablara sevgisini ona atası, mayor Brüs Şend aşılayıb.

Kamilla təhsilinin böyük bir hissəsini mütaliə sayəsində qazandığını da vurğulayıb. O qeyd edib ki, öz dövründə qadınların universitetə getməsi geniş yayılmadığından məktəbi erkən tərk edib.

Kraliçanın bu açıqlamaları yer aldığı sənədli filmin oktyabrın 14-də yayımlanacağı bildirilib.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən