"Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni DETALLAR
Rusiyanın Ali Məhkəməsi batalhacılar icmasını terror təşkilatı elan edərək, ölkə ərazisində fəaliyyətinə qadağa qoyub. İstintaqın məlumatına əsasən, qruplaşma üzvləri adam oğurluğu, qətllər və terror aktlarında, eləcə də "Crocus City Hall"a hücum edənləri silahla təmin etməkdə şübhəli bilinirlər.
Bu barədə Redaktor.az REN TV-yə istinadən xəbər verir.
Rusiya Federasiyasının Baş Prokurorluğunun ehtimalına görə, icma geniş cinayətkar şəbəkəyə malik olub və terror fəaliyyətini dəstəkləyib. Qruplaşma üzvlərinin adları, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda və bir sıra digər səs-küylü cinayət işlərində hallanır.
Cinayət işləri üzrə təqsirləndirilən şəxslər arasında məmurlar, deputatlar, iri iş adamları və hətta hakimlər də var. Onların bir qismi toxunulmazlıq və nüfuzu təmin edib, digərləri isə terrorçulara silah və maddi dəstək verib.
İstintaq materiallarında qeyd olunur ki, Moskvanın "Crocus City Hall" mərkəzində qanlı qətliam törədən yaraqlıları silah-sursatla məhz batalhacılar təchiz ediblər.
Artıq bu təşkilatın fəaliyyətində hər hansı formada iştirak etmək cinayət məsuliyyətinə səbəb olacaq.













