Rusiya Dəmir Yollarının rəhbəri İrəvana gəldi - Paşinyana nələr dedi?
Rusiya Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinin sədri Oleq Belozyorov Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Ermənistanda dəmir yollarının idarə olunması üzrə konsessiya müqaviləsinin icrasını müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, görüş oktyabrın 14-də Belozyorovun İrəvana işgüzar səfəri çərçivəsində keçirilib. Bu barədə Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
Görüşdə Oleq Belozyorov Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin fəaliyyətinin nəticələri barədə məlumat verib. O, şirkətin götürdüyü bütün öhdəliklərə sadiq qalacağını Ermənistan hökumətinə bildirib.
"Konsessiya müddətində Rusiya Dəmir Yollarının vəsaitləri və Cənubi Qafqaz Dəmir Yolunun gəlirləri hesabına yatırılan investisiyaların ümumi həcmi 146 milyard Ermənistan dramı, yaxud təxminən 400 milyon dollar təşkil edib. Ermənistan hökuməti ilə dialoqa və konsessiya sazişinin səmərəliliyinin birgə qiymətləndirilməsinə açığıq. Öz tərəfimizdən götürdüyümüz bütün öhdəliklərə qəti şəkildə əməl etmək niyyətindəyik”, – deyə Belozyorov bildirib.
Qeyd edək ki, Ermənistan dəmir yollarının idarə olunmasına dair konsessiya sazişi 2008-ci ildə 30 il müddətinə imzalanıb. Müqavilənin müddətinin uzadılması da mümkündür.
Hazırda “Cənubi Qafqaz Dəmir Yolu” QSC Ermənistanın ən iri vergi ödəyicilərindən biridir. Şirkət, həmçinin ölkənin ən böyük işəgötürənləri sırasındadır.
Rusiya Dəmir Yollarının rəhbəri bildirib ki, Ermənistanın dəmir yolları postsovet məkanında fəaliyyət göstərən 1520 millimetrlik dəmir yolu şəbəkəsinin ayrılmaz hissəsidir.
Görüşün yekununda tərəflər Ermənistanın dəmir yolu şəbəkəsindən istifadə etməklə tranzit daşımalarının imkanlarını qiymətləndirmək üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.













