Tramp üç media qurumunun Ağ Evə girişinə qoyulan qadağanı bərpa etmək İSTƏYİR
ABŞ Prezidenti Donald Tramp CNN, Politico və MS NOW telekanal və nəşrlərinin müxbirlərinin Ağ Evə girişinə qoyulan qadağanı dayandıran hakim qərarından apellyasiya şikayəti verib.
Redaktor.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məhkəmə sənədinə istinadən məlumat yayıb.
Prezidentin adından ABŞ Ədliyyə Nazirliyinin mülki hüquq bölməsinin vəkilləri Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsinə müraciət ediblər. Sənəddə dairə hakimi Timoti Kellinin sözügedən media qurumlarının qadağanın dayandırılması ilə bağlı vəsatətini təmin edən qərarına etiraz edilib.
Tramp administrasiyasının nümayəndəsi Kellinin qərarını səhv adlandırıb. Onun sözlərinə görə, CNN, Politico və MS NOW “saxta xəbərlər” yayır və buna görə də digər jurnalistlərlə birlikdə Oval kabinetdə iştirak etmək hüququna malik olmamalıdırlar. Rəsmi bildirib ki, mediada yayılan “yalanlar” amerikalılara zərər vurur və “demokratiyanın öz əsaslarını sarsıdır”. O, həmçinin jurnalist qruplarının Ağ Evin yaxınlığında çəkiliş apararaq reportaj hazırlaya biləcəyini vurğulayıb.
Hadisələr sentyabrın 18-də Trampın sosial şəbəkələrdə CNN, Politico və MS NOW müxbirlərinin Oval kabinetə girişini qadağan etdiyini açıqlamasından sonra başlayıb. Sözügedən media qurumlarının vəkilləri məhkəməyə müraciət edərək prezidentin qərarının müvəqqəti dayandırılmasına nail olublar.
Dünən hakim Timoti Kelli qadağanın dayandırılması ilə bağlı qərarın müddətini uzadıb. Bu qərar əvvəlki məhdudiyyətin qüvvədə olma müddətinin bitməsinə təxminən bir saat yarım qalmış verilib.
Daha əvvəl Politico əməkdaşının Ağ Evə buraxılmadığı da bildirilmişdi.
Xədicə BAXŞILI













