Şimali Koreya Rusiya ilə münasibətləri hərtərəfli inkişaf etdirmək istəyir
Şimali Koreya Rusiya ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini genişləndirməyi, strateji əlaqələri gücləndirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Şimali Koreya xarici işlər nazirinin müavini Kim Conq Gyu bildirib. Onun açıqlamasını Rusiyanın Pxenyandakı səfirliyinin “Telegram” kanalı yayıb.
“Yeni dövrün tələblərinə və iki ölkə liderlərinin nəcib niyyətlərinə uyğun olaraq, qardaş rus xalqı ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini hərtərəfli genişləndirmək və inkişaf etdirmək, əsl beynəlxalq ədalətə nail olmaq respublikamızın hökumətinin və xalqımızın sarsılmaz mövqeyidir”, – deyə nazir müavini vurğulayıb.
Kim Conq Gyu əlavə edib ki, Moskva və Pxenyan ikitərəfli münasibətlərin bütövlükdə inkişafı naminə strateji qarşılıqlı fəaliyyəti gücləndirməyə çalışacaqlar. O, bu əlaqələrin xüsusi mübarizə tarixinə və dostluğun nəcib ənənələrinə söykəndiyini bildirib.
Xədicə BAXŞILI













