Trampın kürəkəni qanunsuz diplomatik vəzifə tutmaqda ittiham OLUNDU
ABŞ-nin “Citizens for Responsibility and Ethics in Washington” təşkilatı Prezident Donald Trampın administrasiyasına, o cümlədən onun Rusiya ilə danışıqlar üzrə nümayəndələrindən biri və kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb.
Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat dərc olunub.
Təşkilatın iddiasına görə, Cared Kuşner Senatın təsdiqi olmadan və maliyyə bəyannamələrini təqdim etmədən ölkənin ən yüksək diplomatik vəzifələrindən birini tutmaqla qanunları pozur.
İddiada məhkəmədən Kuşnerin “həddindən artıq yüksək vəzifədə” fəaliyyətini davam etdirməsinin qadağan edilməsi və ondan tələb olunan bütün maliyyə bəyannamələrinin təqdim edilməsinin tələb olunması istənilir.
İş üzrə cavabdehlər arasında ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ Evin aparat rəhbəri Syuzan Uayls və digər rəsmilər də var.
Qeyd edək ki, daha əvvəl Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri ilə münasibətlərini yoluna qoyana qədər Moskvaya səfər etməyəcəkləri barədə məlumat yayılıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə amerikalı nümayəndələri Rusiyada hər zaman qəbul etməyə hazır olduqlarını və Vladimir Putinin onlarla görüşdən məmnun qalacağını bildirib.
Xədicə BAXŞILI













