Zelenski Trampın qərarına etiraz ETDİ

 18:15 17.10.2026     72

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı Lindsi Qrem qanununun müddəalarını tətbiq etməmək qərarından narazılığını bildirib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.

“Təəssüf ki, Lindsi Qrem qanununa tamamilə məhəl qoymamaq qərarı verilib”, – deyə Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, sözügedən qanun Ukraynaya kömək edə bilər və hələ də bu imkanını qoruyur. Zelenski vurğulayıb ki, bunun üçün qanun real şəkildə işləməli, onun lehinə verilən hər bir səs əhəmiyyət daşımalıdır.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiyaya qarşı nəzərdə tutulan genişmiqyaslı sanksiyalar paketinin bir sıra müddəalarını tətbiq etməkdən imtina edib. Söhbət “Lindsi Qrem qanunu” adlandırılan sənəddə nəzərdə tutulan məhdudiyyətlərdən gedir.

Bu tədbirlər arasında Rusiyadan idxal olunan mallara 500 faizədək gömrük rüsumlarının tətbiqi, eləcə də Rusiyanın enerji resurslarının əsas alıcılarına 100 faizlik rüsumların qoyulması nəzərdə tutulurdu. ABŞ prezidenti, həmçinin xarici ölkə vətəndaşlarına və fiziki şəxslərə qarşı bəzi sanksiyaların tətbiqindən də imtina edib.

Bundan əvvəl, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılığa gəliblər. Putinin sözlərinə görə, bu razılaşma qlobal iqtisadiyyatda vəziyyətin sabitləşməsinə kömək edə bilər.

Vumart və Güvən reklamı Vumart Güvən