“Müharibədə iştirak edə bilərik” - Baş Qərargah rəisindən xəbərdarlıq
Böyük Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi general Roli Uoker yaxın zamanlarda ölkə hərbçilərinin müharibədə iştirak etmək məcburiyyətində qala biləcəyini bəyan edib.
Redaktor.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, general dünyadakı mövcud geosiyasi gərginliyin pik həddə çatdığını bildirib.
Roli Uoker ölkədə hərbi xidmətin yenidən həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Ölkəmizin müharibədə iştirak etmək üçün əsgərlərə ehtiyacı olacağı fikrini belə ağlına gətirmək istəmədiyi dövrlər var idi. Lakin dünya hadisələrinin gedişatını və ölkəmizin mövcud olduğu geosiyasi sistemi təhlil edən hər kəs anlayır ki, hazırda dünyada son dərəcə təhlükəli vəziyyət hökm sürür. Hərbi xidmət məsələsi millət üçün yenidən aktuallaşır.
Yalnız ordunun deyil, mülki əhalinin də ölkənin təhlükəsizliyinin təmin olunmasında və hərbçilərə dəstək verilməsində rolu böyük olmalıdır. Britaniya rəhbərliyi müdafiəni təmin etmək üçün vətəndaşlara fədakarlıq etməli olacaqlarını izah etməyə çalışacaq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri üçün Moskvadan hər hansı təhlükə gəldiyi barədə iddiaları dəfələrlə yalan adlandırıb. O vurğulayıb ki, Rusiyanın Avropa ilə müharibə etmək üçün nə niyyəti, nə də motivi var.












