Qiymətlərin artmasına qarşı etirazçılar mağazaları talan etdilər və polislə toqquşdular

 09:34 18.10.2026     95

Oktyabrın 17-də İtaliyanın Milan şəhərində yaşayış xərclərinin kəskin artmasına qarşı keçirilən kütləvi aksiyalar hüquq-mühafizə orqanları ilə şiddətli toqquşmalara və şəhərin tarixi mərkəzindəki dükanların talan edilməsinə çevrilib.

Redaktor.az ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, "Piazzada İtaliya" ("İtaliya meydanda") hərəkatı tərəfindən təşkil edilən yürüşdə 5 mindən çox insan iştirak edib. Aksiya iştirakçıları yaşayış xərclərinin artmasına, yanacaq qiymətlərinin bahalaşmasına və ağır vergi yükünə etirazlarını bildiriblər.  

Əvvəlcə dinc şəraitdə başlayan nümayiş "Via Broletto" küçəsi yaxınlığında gərginləşib. Üzləri qapalı və qara geyimli radikal qruplar polis əməkdaşlarına daş, butulka, pirotexniki vasitələr, hətta odsöndürən və tullantı konteynerləri atmağa başlayıblar. İğtişaşlar tezliklə şəhərin simvolu sayılan "Piazza Duomo" və "Piazza Cordusio" meydanlarına yayılıb.  

Polis iğtişaşçıları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. "Galleria Vittorio Emanuele" və bitişik küçələrdəki brend mağazaların vitrinləri zədələnib, bəzi obyektlər talan olunub. Aksiya zamanı ictimai nəqliyyat dayanacaqlarına və tarixi binalara da ciddi zərər dəyib.

Son məlumatlara görə, toqquşmalar nəticəsində polis əməkdaşları da daxil olmaqla təxminən 20 nəfər tibbi yardıma ehtiyac duyub. Şəhər mərkəzində asayişi bərpa edən hüquq-mühafizə orqanları onlarla iğtişaşçını saxlayıb.

Aminə ŞAHSUVARQIZI

 

22
Vumart və Güvən reklamı Vumart Güvən