Sankt-Peterburqa kütləvi PUA hücumu: Neft terminalında yanğın, 100-dən çox dron vuruldu
Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, hücum nəticəsində şəhərin bir neçə ərazisində, o cümlədən Sankt-Peterburq Neft Terminalında yanğınlar baş verib.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov rəsmi "Telegram" kanalında bildiriş yayaraq, Nevski, Krasnoselski, Krasnoqvardeyski və Moskva rayonlarında mülki infrastruktur obyektlərinin və neft terminalının zərər gördüyünü təsdiqləyib. Beqlov xəsarət alanların olmadığını, şəhərdə xüsusi əməliyyat qrupunun yaradıldığını və mobil internetin fəaliyyətində müvəqqəti kəsintilərin ola biləcəyini qeyd edib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə isə hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 126 dronu zərərsizləşdirə bilib. Vsevolojsk şəhərində PUA qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşdüyü, həmçinin bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyi bildirilir.
Hücum riski səbəbindən Sankt-Peterburqun "Pulkovo" beynəlxalq hava limanının fəaliyyəti məhdudlaşdırılıb, sərnişinlər və heyət təhlükəsiz zonaya təxliyə olunub.
Aminə ŞAHSUVARQIZI












