"Belə ölmək olmaz" - "Flydubai" təyyarəsində balta ilə vurulan kapitan dəhşətli anları DANIŞDI
Təl-Əvivə uçuş zamanı kabinədə ikinci pilotun balta ilə hücumuna məruz qalan "Flydubai" aviaşirkətinin kapitanı, hindistanlı pilot Smit Maçar yaşadığı dəhşətli anlar barədə ilk dəfə danışıb.
Redaktor.az "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərində xəstəxanada müalicə olunan və başında, eləcə də qolunda ağır sarğılar olan Maçar hadisəni ağır travma kimi qiymətləndirib.
Pilotun sözlərinə görə, başının arxasına dəyən ilk zərbədən sonra gözləri qaralıb və görmə qabiliyyəti cəmi bir neçə santimetrə qədər daralıb: "Əvvəlcə elə bildim təyyarənin tavanından nəsə qopub düşdü. Lakin ard-arda zərbələr gəlməyə başladı. Özümü qorumağa çalışarkən qolumdan da xəsarət aldım. Qanımın axdığını və bütün enerjimin tükəndiyini hiss edirdim. Şüurumu güclə saxlayırdım. Həmin an ağlımdan yalnız bir fikir keçirdi: "Belə ölmək olmaz'".
Ağır xəsarətlər almasına baxmayaraq, kapitan sərnişinlər arasında olan digər mülki pilotun köməyə gələ bilməsi üçün kabinənin qapısını açma düyməsini basmağı bacarıb. Daxil olan həmkarı və ekipaj üzvləri hücum edən ikinci pilotu zərərsizləşdirərək təyyarənin idarəetməsini ələ alıblar.
"Bu, ömrümün sonuna qədər unutmayacağım bir hadisədir", – deyə fəlakətin qarşısını alan və təyyarəni təhlükəsiz enişə çatdıran heyət üzvlərinə minnətdarlığını bildiriş pilot əlavə edib.
Qeyd edək ki, sentyabrın sonlarında İsrail sərnişinlərini daşıyan "Flydubai" təyyarəsində ikinci pilot təcili hal baltası ilə kapitana hücum edərək təyyarəni fəlakətə sürəkləməyə cəhd göstərmişdi.
Aminə ŞAHSUVARQIZI












