"Bomba atsa, neçə tabut aparacağını düşünməlidir" - Yeni müdafiə nazirindən XƏBƏRDARLIQ
İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Ketabçi ABŞ və İsraillə baş verən 12 günlük müharibədən sonra ölkənin müdafiə qabiliyyətinin kəskin şəkildə gücləndirildiyini və düşmənlərin strateji çıxılmaz vəziyyətə düşdüyünü bəyan edib.
Redaktor.az xəbər verir ki, Ketabçi bu bəyanatla bazar günü, oktyabrın 18-də İran parlamentinin açıq iclasında çıxışı zamanı çıxış edib.
"ABŞ və sionist rejiminin İrana qarşı birgə başıatdığı 12 günlük müharibədən sonra müdafiə imkanlarımız elə səviyyədə təkmilləşdirilib ki, bu, düşmənin bütün hesablamalarını alt-üst edib və müharibəni davam etdirməyin müdrikliyini şübhə altına salıb", – deyə nazir vurğulayıb.
Ketabçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı işlətdiyi "Bütün bombaların anası" ifadəsini də sərt tənqid edib. O, ölkəsinin super güclü bombalara və hər türlü təhdidə qarşı adekvat tədbirlər gördüyünü bildirərək Vaşinqtona xəbərdarlıq edib: "Əgər o, bomba atarsa, nə qədər əsgərini cəsəd torbalarında geri aparmalı olacağını yaxşı düşünməlidir".
Müasir münaqişələrin hibrid xarakter daşıdığını bildirən yeni nazir kiberhücumlar, iqtisadi sanksiyalar və informasiya müharibələrinə qarşı hərtərəfli hazırlıqlı olduqlarını əlavə edib.
Qeyd edək ki, İran parlamenti oktyabrın 18-də Ketabçinin Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri təyinatını rəsmən təsdiqləyib. O, fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olan general-mayor Əziz Nəsirzadəni bu vəzifədə əvəz edib.
Aminə ŞAHSUVARQIZI












