Etirazçılar Luvr muzeyinə girişi BAĞLADILAR
Fransanın paytaxtı Parisdə etirazçılar dünyanın ən məşhur muzeylərindən biri olan Luvr muzeyinin girişlərini bağlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, incəsənət və mədəniyyət məktəblərinin tələbələri təhsil sahəsində keçirilən etiraz aksiyalarına dəstək vermək və polis zorakılığına etiraz etmək məqsədilə muzeyin qarşısına toplaşıblar. Onlar muzey rəhbərliyinin qapıları ziyarətçilərin üzünə açmasına mane olublar.
Fransada yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə qarşı həftəsonundan bəri davam edən kütləvi etirazlar fonunda bazar ertəsi səhər saatlarında Luvr muzeyinin qarşısında da aksiya keçirilib.
Etirazçılar ingilis və fransız dillərində bəyanatlar paylayıblar. Bəyanatlarda “Dünyanın ən böyük muzeyini blokadaya aldığımızı elan etməkdən qürur duyuruq” ifadələri yer alıb.
Aksiya nəticəsində əvvəlcədən bilet alan çoxsaylı turist muzeyə daxil ola bilməyib. Bu səbəbdən turistlərlə etirazçılar arasında gərginlik yaşanıb.












