İtaliyada kütləvi iğtişaşlar: Meloni təhlükəsizlik şurasını təcili topladı
İtaliyanın Baş naziri Ciorcia Meloni oktyabrın 17-18-də Milan və ölkənin digər şəhərlərində baş verən kütləvi küçə toqquşmalarından sonra təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Quotidiano Nazionale" nəşri məlumat yayıb.
"Vəziyyəti qiymətləndirmək və qanuni nümayişlər vasitəsilə zorakılığa və xaosa təhrik edənlərə qarşı əlavə addımları müzakirə etmək üçün Kici Sarayında (Palazzo Chigi) ictimai asayişin qorunması ilə bağlı iclas çağırdım", - deyə Meloni bəyan edib.
"Rai News" televiziya kanalının məlumatına görə, həftəsonu Milanda keçirilən aksiyalar zamanı 200-dən çox insan saxlanılıb. Saxlanılanların böyük əksəriyyətinin yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilir.
Nümayişlər zamanı ciddi talan halları qeydə alınıb. İğtişaşçılar ticarət obyektlərinin vitrinlərini sındıraraq mağaza və supermarketləri qarət ediblər. Ən böyük ziyan Milan şəhərində müşahid olunub; burada yeniyetmələr ticarət obyektlərinə stul, masa və baryerlər ataraq dağıntılar törədiblər. İlkin ehtimallara görə, dəyən ziyanın həcmi yarım milyon avronu keçib.
Aksiyalar səbəbindən şəhərin mərkəzində təhlükəsizlik tədbirləri kəskin gücləndirilib. İkinci Vittorio Emanuele qalereyası zirehli texnikalarla əhatəyə alınıb, Milanın əsas rəmzi sayılan Duomo kafedralı isə turistlərin ziyarəti üçün müvəqqəti bağlanıb.
Aminə ŞAHSUVARQIZI












