Netanyahudan Türkiyə bəyanatı: İsrail Suriyada Ankaranın planlarını pozdu
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə ilə hərbi münaqişə ehtimalına münasibət bildirərək, İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsinin qarşısını almaq üçün artıq müvafiq addımlar atdığını bəyan edib.
Redaktor.az xəbər verir ki, "C14 News"un yaydığı məlumata görə, Ankara Suriyadakı hava bazalarından birində mövqe tutmağı planlaşdırsa da, İsrail tərəfi bu planların qarşısını alıb.
Netanyahu Türkiyə ilə birbaşa hərbi toqquşmanın qarşısının alınacağına ümid etdiyini və bu istiqamətdə diplomatik səylər göstərdiyini vurğulayıb. Eyni zamanda, o, ABŞ Prezidenti Donald Trampla Türkiyə rəhbərliyinin fəaliyyətinə dair müəyyən fikir ayrılıqlarının olduğunu da etiraf edib.
Qeyd edək ki, bundan əvvəl Netanyahu İsrailin yeni təhlükəsizlik konsepsiyasını təqdim etmişdi. Həmin doktrina təhdidlərin sadəcə qarşısının alınması siyasətindən onların profilaktik tədbirlər vasitəsilə aktiv şəkildə neytrallaşdırılması mərhələsinə keçidi nəzərdə tutur.
Sənəddə Türkiyənin adı birbaşa çəkilməsə də, Təl-Əvivin Suriya ərazisindəki son hərbi addımları yeni təhlükəsizlik strategiyasının müddəaları ilə tam üstüstə düşür.
Aminə ŞAHSUVARQIZI












