"Zəruri hesab etsək, fövqəladə vəziyyət elan edəcəyik" - Baş nazir
Fransanın Baş naziri Sebastyan Lekornü ifrat solçu hərəkatı prezident seçkilərinədək ölkədə genişmiqyaslı iğtişaşlar təşkil etmək niyyətində olmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, Lekornü xüsusi xidmət orqanlarının hökumətə bu barədə məlumat verdiyini bildirib.
“Prezident seçkilərinədək ölkədə iğtişaşlar, hətta daha ciddi hadisələr törətmək istəyən ifrat solçu hərəkatın mövcudluğu artıq sübuta yetirilib. Bu şəbəkə seçkilərin keçirilmə vaxtını, hətta ümumiyyətlə keçirilməsini mübahisələndirmək üçün səfərbər ola bilər”, – Baş nazir deyib.
Lekornü hadisələrlə bağlı genişmiqyaslı istintaq tədbirlərinə başlanıldığını açıqlayıb. Onun sözlərinə görə, təkcə Paris regionunda polis prefekturasının təxminən 200 müstəntiqi foto və videomaterialları araşdıracaq.
Baş nazir zorakılıqda iştirak edənlərin bir qisminin üzlərini gizlətməməsinin onların müəyyənləşdirilməsini asanlaşdırdığını bildirib.
“Aqressiv azlığın öz zorakılıq gündəmini qəbul etdirməsinə və seçkilərin keçirilməsinə mane olmasına imkan verə bilmərik. Zəruri hesab etsək, fövqəladə vəziyyət elan edəcəyik”, – o vurğulayıb.
Lekornü bəzi şəhər ərazilərində vəziyyətin gərgin olduğunu deyərək gecə saatlarında ayrı-ayrı ərazilərdə komendant saatının tətbiqi barədə prefektlərə göstəriş verdiyini açıqlayıb. O, namizədlərin təhlükəsizliyinin, o cümlədən şəxsi mühafizəsinin də gündəmdə olduğunu qeyd edib.
Baş nazirin sözlərinə görə, saxlanılanların üçdə ikisi yetkinlik yaşına çatmış şəxslərdir və demək olar ki, hamısı kişidir. Onların arasında əvvəllər də polisin diqqətinə düşən şəxslər var.
Lekornü saxlanılma hallarının təxminən 80 faizinin məhkəmə icraatına gətirib çıxardığını bildirərək hüquqi tədbirlərin vəziyyətin sabitləşməsinə kömək edəcəyini söyləyib.












