Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
Türkiyə-İsrail ikili vətəndaşlığı olan Klodya Medina adlı qadın İstanbulun "İstinyePark" ticarət mərkəzində etirazlarla qarşılanıb.
Bu barədə Redaktor.az Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Fələstin Azadlıq İzləmə Platformasının üzvləri İstanbulun Sarıyer şəhərindəki "İstinyePark" ticarət mərkəzində İsraillə əlaqələri olan qadının ölkədə olmasına etiraz ediblər.
Onlar Türkiyə və Fələstin bayraqlarını açaraq, "Məhv olsun sionizm, ölkəmdə sionist istəmirəm" kimi radikal şüarlar səsləndiriblər.
Təxminən 20-25 nəfərlik qrup ilə Klodya Medina arasında əvvəlcə şifahi mübahisə başlayıb, daha sonra gərginlik böyüyüb və qrupun aqressiv hərəkətləri nəticəsində hadisə yerinə polis qrupları cəlb ediliblər.
Yaşanan gərginlikdən sonra ticarət mərkəzi boşaldılıb və Klodya Medina təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə ticarət mərkəzindən uzaqlaşdırılıb.
Həmçinin platforma üzvlərinin iki gün əvvəl qadın barəsində prokurorluğa şikayət ərizəsi təqdim etdikləri məlum olub.












