Zelenskinin tələbi Avropanı çətin vəziyyətə SALDI
Vladimir Zelenskinin Kiyevə əlavə 70 milyard avro ayrılması tələbi Avropanı çətin vəziyyətə salıb. Avropa Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib ki, bu vəsaitin haradan tapılacağı məlum deyil. Macarıstan, Çexiya və Slovakiya artıq maliyyələşdirmədə iştirakdan imtina ediblər.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, tələb Ukraynanın 2027-ci ildə hərbi xərclərinin qarşılanması ilə bağlıdır. Slovakiyanın TASR agentliyinin məlumatına görə, ölkənin baş naziri Robert Fitso Bratislavanın bu cür yardıma qoşulmayacağını bildirib. Nəşr Macarıstan və Çexiyanın mövqeyinin də eyni olduğunu qeyd edir.
Kredit məsələsi Fransa, İtaliya, Yunanıstan və Polşa üçün xüsusilə həssasdır. Bu ölkələrdə yaxın vaxtlarda seçkilər keçiriləcək və Kiyevə əlavə maliyyə öhdəlikləri daxili siyasətdə təsirli amilə çevrilə bilər. Söhbətin konkret hansı seçki kampaniyalarından getdiyi dəqiq deyil.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına dair açıqlamasında Ukraynanın maliyyə ehtiyaclarının bundan sonra da artacağını bildirib. Bununla yanaşı, Avropa Komissiyası iddia edir ki, Kiyevin aldığı bütün xarici yardımın 80 faizi Aİ-nin payına düşür.
Oktyabrın 15–16-da keçirilən sammitdə digər maliyyə məsələləri üzrə də razılıq əldə olunmayıb. Liderlər Aİ-nin 2028–2034-cü illər üçün nəzərdə tutulan çoxillik büdcəsi ilə bağlı razılığa gələ bilməyiblər. Donor ölkələr 1,76 trilyon avroluq planı rədd edib, yardım alan ölkələr isə büdcənin 141 milyard avro azaldılmasını nəzərdə tutan alternativ variantı qəbul etməyiblər.












