ABŞ hərbi təyyarəsi Fransa üzərində qəza siqnalı VERDİ
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J Hercules” təyyarəsi Fransa üzərində uçarkən qəza siqnalı verib. Bu, gün ərzində ABŞ hərbi təyyarəsinin verdiyi ikinci belə siqnal olub.
Redaktor.az xəbər verir ki, gazeta.ru uçuş məlumatlarına istinadən hadisə barədə məlumat yayıb.
Məlumata görə, “Lockheed Martin C-130J Hercules” Almaniyadan havaya qalxıb. Bir müddət sonra Fransa üzərində 7700 fövqəladə vəziyyət siqnalı verən təyyarə istiqamətini dəyişərək yenidən Almaniyaya doğru hərəkət edib.
7700 kodu təyyarədə ümumi fövqəladə vəziyyət yarandıqda pilotların istifadə etdiyi universal transponder siqnalıdır. Bununla belə, həmin kodun verilməsi mütləq şəkildə qəza təhlükəsinin olduğu anlamına gəlmir.
Qeyd edək ki, oktyabrın 19-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130H Hercules” təyyarəsi Alabama ştatı üzərində uçarkən qəza siqnalı verib.
Bundan bir gün əvvəl isə ABŞ-nin “Atlas Air” aviaşirkətinə məxsus, Alyaskanın Ankoric şəhərindən Çinin Şençjen şəhərinə uçan “Boeing 747-87UF” yük təyyarəsi təhlükə siqnalı verərək havaya qalxdığı hava limanına qayıdıb.
Xədicə BAXŞILI












