Zelenskiyə oyuncaq F-16 təyyarəsi hədiyyə EDİLDİ
ABŞ-nin müdafiə sənayesi şirkəti “Lockheed Martin”in nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenskiyə oyuncaq təyyarə hədiyyə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında şirkətin nümayəndələri ilə görüşünün videosunu paylaşıb.
Ukrayna lideri bildirib ki, şirkət Kiyevə F-16 qırıcıları və “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edir.
“Hər iki istiqamətdə hazırda vəziyyət asan deyil. Tədarükü necə genişləndirə və artıra biləcəyimizi müzakirə etdik. Hazırda şirkət ballistik raketlərin qarşısını alan raketlərin istehsalını artırır”, – Zelenski yazıb.
Onun sözlərinə görə, Kiyev həmin raketlərin bir hissəsini satın almağa ümid edir.
“Biz həmçinin F-16-lara texniki xidmətin və onların təmirinin Ukraynada həyata keçirilməsi üçün əlimizdən gələni edirik”, – o əlavə edib.
Qeyd edək ki, oktyabrın 8-də Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya ölkənin ABŞ istehsalı olan F-16 qırıcılarının böyük bir hissəsindən istifadə etmədiyini bildirib. Onun sözlərinə görə, təyyarələrin bir qismi raket çatışmazlığı və texniki xidmətlə bağlı problemlər səbəbindən istismarda deyil.
Bundan əvvəl ABŞ-də Ukraynanın ilin sonunadək saz vəziyyətdə olan F-16 qırıcıları olmadan qala biləcəyi bildirilib.
Xədicə BAXŞILI












