Polşa Ukraynadan ərazisi üzərindən keçən dronla bağlı izahat tələb ETDİ
Polşa Ukraynadan ərazisi üzərindən uçaraq daha sonra Litvada düşən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı izahat tələb edib. Varşava hadisənin necə baş verdiyinin dəqiq müəyyənləşdirilməsi üçün Kiyevin əməkdaşlığa hazır olmasını gözləyir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk çıxışı zamanı bildirib.
Tusk Ukrayna tərəfinin hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün tam əməkdaşlıq edəcəyinə ümid etdiyini vurğulayıb.
“Əslində nələrin baş verdiyini dəqiq müəyyənləşdirmək üçün Ukrayna tərəfinin tam əməkdaşlığa hazır olmasını gözləyirəm”, – deyə Polşa hökumətinin başçısı bildirib.
Baş nazir qeyd edib ki, Polşa Kiyevdən hadisə ilə bağlı izahat almaqda israrlı olacaq.
Tusk, həmçinin vurğulayıb ki, Varşavanın razılığı olmadan Polşa ərazisində və ya onun hava məkanında hər hansı əməliyyatın keçirilməsinə icazə verilmir.
“Bu prinsip əməliyyatı kimin həyata keçirməsindən asılı olmayaraq dəyişməz olaraq qalır”, – deyə o əlavə edib.
NURİYYƏ












