Rusiya ABŞ ilə danışıqlarda siyasi güzəştlərə getməyəcək - Lavrov

 21:04 20.10.2026     75

Rusiya ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin təkliflərini dinləyəcək, lakin siyasi güzəştlərə getmək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə açıqlamasında bildirib.

“ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner gəlib bizə nəsə ‘təşkil etməyə’ çalışıblar. Görək, nə təklif edəcəklər. Əgər iqtisadi və maliyyə baxımından bizim üçün sərfəli təkliflər irəli sürsələr, niyə də yox? Ancaq bu, tərəfimizdən heç bir siyasi güzəşt olmadan və dünya məsələlərində bizə dəstək olacaq siyasi rəğbət gözləmədən edilməlidir”, – Lavrov deyib.

Nazir, həmçinin Rusiyanın ABŞ Prezidenti Donald Trampın administrasiyasından sanksiyalar məsələsində möcüzə gözləmədiyini vurğulayıb.

Lavrov Rusiyanın Qərb ölkələri ilə münasibətləri bərpa etməyə hazır olduğunu da bildirib. Bununla belə, onun sözlərinə görə, münasibətlər 2022-ci ildən əvvəlki kimi olmayacaq.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzeti Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa səfər edəcəklərini yazıb. Nəşrin məlumatına görə, ABŞ nümayəndələri Rusiyada uzun müddətdir saxlanıldığı iddia edilən ABŞ vətəndaşının azad edilməsinə nail olmağa çalışırlar. Həmin şəxsin adı açıqlanmayıb.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən