NATO Qara dəniz regionuna əlavə vasitələr göndərəcək
NATO Qara dəniz regionuna əlavə vasitələr göndərmək qərarına gəlib. Bu addımın müşahidə, kəşfiyyat və kriminalistik təhlil imkanlarının gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə alyansın mətbuat katibi Ellison Hart “X” sosial şəbəkəsində məlumat verib.
“Alyans regiona əlavə vasitələr göndərəcək. Bunlara müşahidə, kəşfiyyat və kriminalistik təhlilin gücləndirilməsi üçün nəzərdə tutulan vasitələr də daxildir”, – o yazıb.
Hart əlavə vasitələrin göndərilməsi barədə qərarın NATO-ya üzv ölkələrin səfirlərinin görüşündən sonra qəbul edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov NATO-nun fəaliyyətinin Qara dənizdə gərginliyin artmasına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, regionda alyansın və müttəfiqlərinin kəşfiyyat fəaliyyəti intensivləşib.
Oktyabrın 14-də Rumıniyanın müdafiə naziri Radu Mirutse Qara dənizdə NATO-nun birgə hərbi komandanlığının yaradılmasını təklif edib. O, bu təşəbbüsü bolqarıstanlı həmkarı ilə telefon danışığında müzakirə etdiyini bildirib.
Bundan əvvəl Bolqarıstan Qara dənizdəki hücumlarla əlaqədar Avropa İttifaqı və NATO-ya müraciət edib.
Xədicə BAXŞILI












