Netanyahu Trampla danışdı

 23:37 20.10.2026     129

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini açıqlayıb.

Redaktor.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Netanyahu bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Biz İran rejiminin aradan qaldırılmasını başa çatdırmalıyıq. Bu, birinci dərəcəli vəzifədir. Bu barədə Trampla dəfələrlə, o cümlədən srağagün danışmışam", - deyə Netanyahu bildirib. O, oktyabrın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını da qeyd edib.

Netanyahu əlavə edib ki, İranda hakimiyyət devrildikdən sonra İsrail Livanda "Hizbullah" təşkilatından da xilas ola biləcək.

Bundan əvvəl bir sıra KİV mənbələrə istinadən Benyamin Netanyahu ilə Donald Trampın İrana qarşı yeni əməliyyat keçirilməsi məsələsini müzakirə etdiklərini yazıblar.

Oktyabrın 13-də "Axios" nəşri İsrailin baş naziri ilə ABŞ prezidentinin telefon danışığı apardığını və hər iki ölkədə keçiriləcək seçkidən əvvəl İrana yeni zərbələr endirilməsi məsələsini müzakirə etdiklərini bildirib.

İsraildə parlament seçkisi oktyabrın 27-də, ABŞ-də isə Konqresə aralıq seçki noyabrın 3-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən