Əraqçi İranın təzyiq qarşısında təslim olmayacağını bildirdi
İranda müharibə vəziyyəti davam edir, sülh bərqərar olmayıb.
Redaktor.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Tehranda Milli İxracat Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran hazırda həm müharibə və hərbi təhdidlərlə, həm də genişmiqyaslı iqtisadi sanksiyalarla üz-üzədir.
“Ölkənin vəziyyəti müharibə vəziyyətidir, müharibə davam edir və biz sülhə çatmamışıq. Bundan hələ uzağıq. Buna görə də bütün qərarlar ölkənin müharibə şəraiti nəzərə alınmaqla qəbul edilməlidir”, – nazir bildirib.
Bu müharibənin mühüm iqtisadi ölçüləri olduğunu vurğulayan Əraqçi ixracın dəstəklənməsinin vacibliyini qeyd edib.
O bildirib ki, xüsusilə qonşu ölkələrlə gömrük tariflərinin azaldılması və ixracın genişləndirilməsi istiqamətində iş aparılır.
Əraqçi əvvəl İranın Tehran və Vaşinqton arasında danışıqlar prosesində son vəziyyətə də toxunub.
“Cavabımız aydındır. Biz planımızı ABŞ-yə təqdim etmişik. Əgər danışıqların irəliləməsində və Hörmüz boğazının açılmasında səmimidirlərsə, şərtlərimizi yerinə yetirsinlər ki, hər şey qaydasına düşsün”, – Əraqçi deyib.
XİN rəhbəri İranın təzyiq qarşısında təslim olmayacağını vurğulayıb.












