50 ilə yaxın fəaliyyət göstərən jurnal BAĞLANIR
Almaniyada təxminən 50 ildir nəşr olunan “Emma” feminist jurnalı fəaliyyətini dayandırır. Nəşrin yaradıcısı, feminist fəal Alisa Şvartser qərarın iqtisadi səbəblərlə bağlı olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Şvartser bu barədə “Der Spiegel” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, “Emma” jurnalının son iki nömrəsi oktyabrın 27-də və dekabrın 8-də işıq üzü görəcək. Nəşrin gəlirləri xərclərini üstələsə də, redaksiya fəaliyyətini başa çatdırmaq qərarına gəlib.
Şvartser bildirib ki, jurnal üç nəsil feministin mübarizəsində mühüm rol oynayıb. Bununla belə, redaksiya uzun illər davam edən fəaliyyətindən sonra yorulub və artıq nəşri davam etdirmək istəmir.
Jurnalın ilk nömrəsi 1977-ci il yanvarın 26-da çap olunub. Şvartserin sözlərinə görə, nəşrin yaradılmasına səbəb kişi mediasında qadınlara qarşı düşmən münasibətlə üzləşməsi olub.
Təxminən yarım əsrlik fəaliyyəti ərzində “Emma” uşaq və yeniyetmələrə qarşı cinsi zorakılıq, islamizm, qadın cinsiyyət orqanlarının zədələnməsi və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi kimi mövzuları işıqlandırıb.
Şvartserin sözlərinə görə, jurnal Almaniyada müəyyən dəyişikliklərə nail olub. Sonuncu nömrə adi buraxılışlardan iki dəfə qalın olacaq və nəşrin 50 mühüm mövzu üzrə fəaliyyətinin yekunlarını əhatə edəcək.
Jurnalın arxivinin 2027-ci ilin yayında Marbaxdakı Alman Ədəbiyyat Arxivinə təhvil verilməsi planlaşdırılır. Arxivdə nəşrin bütün nömrələri, müəlliflər və oxucularla yazışmalar, eləcə də müxtəlif kampaniyalara aid sənədlər saxlanılacaq.
NURİYYƏ












