Mask senatorların Starlinklə bağlı çağırışına film sitatı ilə cavab VERDİ

 22:12 21.10.2026     34

“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ senatorlarının Ukraynada “Starlink” və “Starshield” peyk sistemlərinin işində yaranan fasilələrlə bağlı araşdırma aparılması tələbinə cavab verib.

Redaktor.az xəbər verir ki, Mask sosial şəbəkə X-də Aleksandr Nevski haqqında filmdən sitat paylaşaraq senatorlara müraciət edib.

“Kim qılıncla bizə gələrsə, qılıncla da həlak olacaq”, – deyə o yazıb.

Mask həmçinin senatorlara kimin “ipleri çəkdiyini” müəyyənləşdirmək niyyətində olduğunu bildirib. O, özünə maneə yaradılacağı təqdirdə “marionetkaların deyil, onların arxasında duran şəxslərin” ardınca gedəcəyini qeyd edib.

Doqquz senatorun, o cümlədən Cin Şahinin araşdırma çağırışına iki partiyanın nümayəndələri qoşulublar. Buna səbəb peyk avadanlıqlarının işinə məhdudiyyətlər qoyulması ilə bağlı məlumatlar olub.

Bundan əvvəl “Reuters” Ağ Evin Ukraynada “Starlink” peyk rabitə sisteminə məhdudiyyətlərin tətbiqində iştirak etdiyini yazıb. Qərarı konkret olaraq kimin verdiyi məlum deyil. Agentliyin mənbələri ABŞ prezidentinin belə bir göstəriş vermədiyini bildiriblər.

“Wall Street Journal” isə məhdudiyyətlərin təşəbbüskarının İlon Mask olduğunu iddia edib.

Məhdudiyyətlər oktyabrın 14-dən qüvvəyə minib. Ukrayna pilotsuz uçuş aparatlarında istifadə olunan terminallar saatda təxminən 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı işləməyib. Nəticədə Ukrayna hərbçilərinin zərbə dronlarından və dronları ələ keçirmək üçün nəzərdə tutulan pilotsuz aparatlarından istifadə imkanları çətinləşib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən